Eyni supermarket, fərqli qiymət: Bu nə dərəcədə düzgündür?-İqtisadçıdan açıqlama..

13-08-2026, 09:53 89 dəfə baxılıb

 

Son dövrlərdə supermarket şəbəkələrində eyni məhsulun müxtəlif filiallarda fərqli qiymətə satılması istehlakçıların diqqətini çəkən məsələlərdən birinə çevrilib. Əvvəllər eyni şəbəkənin filiallarında qiymətlərin daha çox vahid şəkildə müəyyənləşdirilməsi gözlənilsə də, hazırda bəzi hallarda mağazanın yerləşdiyi ərazi, icarə xərcləri, tələbat və digər amillər qiymətlərə təsir göstərə bilir.

Bu isə istehlakçılar arasında "eyni market şəbəkəsində eyni məhsul niyə fərqli qiymətə satılır?" sualını gündəmə gətirir.
Eyni supermarket, fərqli qiymət: Bu nə dərəcədə düzgündür? - İQTİSADÇIDAN AÇIQLAMA

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  açıqlamasında bildirdi ki, eyni supermarket şəbəkəsinin müxtəlif filiallarında eyni məhsulun fərqli qiymətə satılması müəyyən hallarda normal bazar praktikasıdır, amma bunun istehlakçı üçün nə dərəcədə əsaslandırılmış və şəffaf olması vacibdir.

Onun sözlərinə görə, əgər qiymət fərqi filialın yerləşdiyi ərazidə icarə, logistika, əməkhaqqı və digər xərclərin fərqli olması ilə bağlıdırsa, bunu iqtisadi baxımdan izah etmək mümkündür:                                                                                                                                                                        "Məsələn, şəhərin mərkəzində yerləşən filialın icarə və əməliyyat xərcləri kənar ərazidəki mağazadan yüksək ola bilər. Buna görə şirkət müxtəlif filiallarda fərqli qiymət siyasəti tətbiq edə bilər. Tələb və rəqabət də rol oynayır. Bir ərazidə eyni məhsulu daha ucuz satan mağazalar çoxdursa, supermarket qiyməti aşağı saxlamağa məcbur qala bilər.

Amma burada başqa məsələ də var. Eyni şirkətin eyni məhsulu çox qısa məsafədə yerləşən iki filialda ciddi fərqlə satması və bu fərqin istehlakçıya aydın izah edilməməsi narazılıq yarada bilər. Xüsusilə alıcı əvvəlki illərdə şəbəkənin bütün mağazalarında vahid qiymətə alış-veriş etməyə öyrəşibsə, bu sistem onun üçün çaşdırıcı görünür.

Əsas məsələ qiymətin fərqli olması yox, qiymət formalaşmasının şəffaflığıdır. İstehlakçı mağazaya daxil olduqda məhsulun həmin filial üçün qüvvədə olan qiymətini açıq şəkildə görməli və kassada başqa qiymətlə qarşılaşmamalıdır. Endirim və kampaniyaların hansı filiallarda keçərli olduğu da aydın göstərilməlidir.

 Mərkəzləşdirilmiş qiymət sisteminin üstünlüyü isə istehlakçı üçün rahatlıqdır. Alıcı bilir ki, eyni şəbəkənin hansı filialına getsə, məhsulun qiyməti təxminən eyni olacaq. Filiallara görə fərqli qiymət sistemi isə supermarketlərə hər mağazanın konkret xərclərinə və bazar vəziyyətinə uyğun daha çevik siyasət aparmağa imkan verir.

Ancaq bu çeviklikdən sui-istifadə edilməməlidir. Şəbəkə daxilində qiymət fərqləri həddindən artıq böyüyürsə, istehlakçıların müqayisə aparmaq imkanları məhdudlaşır və bazarda qiymət şəffaflığı azalır. Xüsusilə gündəlik tələbat məhsullarında bu məsələ daha həssasdır. Məncə, ən düzgün yanaşma bütün filiallarda mütləq eyni qiyməti tələb etmək deyil.

Müxtəlif filiallarda xərclər və rəqabət fərqlidirsə, fərqli qiymət iqtisadi baxımdan əsaslandırıla bilər. Amma bu fərq real xərclərlə və bazar şərtləri ilə izah olunmalı, qiymətlər şəffaf göstərilməli və istehlakçı aldadılmamalıdır. Əks halda filiallar arasında qiymət fərqinin süni şəkildə artırılması rəqabət və istehlakçı hüquqları baxımından problem yarada bilər".


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930