“BMT-nin yeni rəhbəri İnfantino olsun” - Trampdan təklif

Bu gün, 08:19 1 789 dəfə baxılıb

 ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti baş katibi postuna namizəd olmasını dəstəkləyir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.


Qəzetin yazdığına görə, Tramp hesab edir ki, 56 yaşlı İnfantino beynəlxalq nüfuza malikdir və müxtəlif ölkələri bir araya gətirmək bacarığına sahibdir.


Mənbələrin bildirdiyinə görə, Tramp xüsusilə ABŞ-də keçirilən dünya çempionatı zamanı FIFA rəhbəri ilə daha da yaxınlaşıb. İsveçrədə anadan olan İnfantino ötən ilin dekabrında Trampa FIFA-nın ilk Sülh Mükafatını təqdim etmişdi.


Hazırkı baş katib, portuqaliyalı Antonio Quterreşin səlahiyyət müddəti bu ilin sonunda başa çatır və onun yerinə yeni rəhbərin seçilməsi gözlənilir.


BMT-nin baş katibi olmaq üçün namizəd əvvəlcə Təhlükəsizlik Şurasının 15 üzvünün dəstəyini qazanmalıdır. Şuranın daimi üzvləri olan ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa veto hüququna malikdir. Bundan sonra namizəd Baş Assambleyanın təsdiqindən keçməlidir.


Hazırda əsas namizədlər arasında Çilinin sabiq prezidenti Mişel Baçelet və Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin adları çəkilir. Bununla belə, Trampın İnfantinoya dəstək verməsi seçim prosesinə yeni dinamika qata bilər.


Trampın qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli bu təşəbbüsü yüksək qiymətləndirərək bildirib ki, İnfantino böyük beynəlxalq qurumları idarə etmək təcrübəsinə malikdir.


Onun sözlərinə görə, FIFA-nın 200-dən çox üzv assosiasiyası var və İnfantino uzun illər ərzində müxtəlif ölkələrlə əməkdaşlıq quraraq mürəkkəb strukturu idarə etməyi bacardığını sübut edib.


Hazırda FIFA prezidenti kimi ildə təxminən 6 milyon dollar qazandığı bildirilən İnfantinonun BMT rəhbəri olması halında gəliri əhəmiyyətli dərəcədə azalacaq. Belə ki, BMT baş katibinin illik maaşı təxminən 418 min dollar təşkil edir.


Bununla yanaşı, İnfantinonun FIFA prezidentliyi üçün yenidən namizəd olacağı da gözlənilir. FIFA rəhbərliyi uğrunda növbəti seçkilər 2027-ci ilin martında keçiriləcək.


Hələlik nə Trampın bu məsələni İnfantino ilə rəsmi şəkildə müzakirə edib-etmədiyi, nə də FIFA prezidentinin belə bir vəzifəyə maraq göstərib-göstərmədiyi məlum deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031