“Epidemiya nəzarətdən çıxır” - ÜST-dən xəbərdarlıq

5-08-2026, 09:38 3 417 dəfə baxılıb

 “Konqoda Ebola epidemiyası nəzarətdən çıxır”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tədqiqat və İnkişaf Proqramının rəhbəri vəzifəsini icra edən Vas Murti Cenevrədə keçirdiyi brifinqdə deyib.


O bildirib ki, Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyası mövcud cavab imkanlarını aşıb. Murti beynəlxalq ictimaiyyəti təcili maliyyə və əməliyyat dəstəyi göstərməyə çağırıb.


ÜST rəsmisinin sözlərinə görə, hazırkı epidemiya ölkənin indiyədək üzləşdiyi ən genişmiqyaslı Ebola yayılmalarından biridir.


O deyib ki, virusla mübarizə üçün müalicə mərkəzlərinin, epidemioloji araşdırma qruplarının, təhlükəsiz dəfn xidmətlərinin və icma səhiyyə işçilərinin sayının artırılmasına ciddi ehtiyac var. Murti qeyd edib ki, resurslar ilk növbədə virusun yayıldığı və yayılma riski yüksək olan bölgələrə yönəldilməlidir.


ÜST rəsmisi vurğulayıb ki, Ebola virusuna qarşı təsdiqlənmiş müalicə, peyvənd və ya profilaktik preparat mövcud deyil. Bununla belə, xəstələrin erkən mərhələdə tibbi yardım alması ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.


Qeyd edək ki, Konqo Demokratik Respublikasında Ebola epidemiyası bu il mayın 15-də, ölkənin şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm faktı qeydə alındıqdan sonra rəsmi elan olunub.


Səhiyyə qurumlarının məlumatına görə, hazırkı epidemiyaya Ebola virusunun nadir növlərindən biri hesab edilən Bundibuqyo ştammı səbəb olur. Bu variant üçün də təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil.


Xatırladaq ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara şəhərində və Konqo Demokratik Respublikasının Yambuku kəndində qeydə alınıb. Son onilliklərdə Afrikada baş verən Ebola epidemiyaları on minlərlə insanın yoluxmasına və minlərlə ölümə səbəb olub. Xüsusilə 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə yayılan epidemiya zamanı 30 mindən çox insan virusa yoluxmuş, 11 mindən çoxu həyatını itirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930