Milyonluq dələduzluqda ittiham olunan “Flyblast" rəhbəri Avropada saxlanıldı
Azərbaycanlı turizm şirkəti rəhbərinin xaricdə saxlanılması ilə bağlı yeni məlumat yayılıb. O, ölkədə müştərilərə qarşı külli miqdarda dələduzluqda ittiham olunur və Azərbaycana gətirilməsi üçün prosedur başladılıb.
Yenisirvanli.İnfo.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın ən böyük turizm şirkətlərindən biri olan “Flyblast”ın rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib.
Şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir.
R.Abdullayev şirkətə müraciət edən müştərilərin 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
100-ə yaxın əməkdaşı olan “Flyblast Agency Travel” aviabilet satışı, turpaketlər, xarici və daxili turlar, viza dəstəyi, transfer və müxtəlif turizm xidmətləri ilə məşğul olub. Lakin bu xidmətlər göstərilən zaman bir neçə vətəndaş aldadılıb.
Vətəndaşların şikayəti əsasında Xətai Rayon Prokurorluğu tərəfindən R.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə cinayət işi başlanılıb, ölkədə olmadığı üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Şirkət isə fəaliyyətini dayandırıb.
Ən son məlumata görə, R.Abdullayev artıq Polşada həbs edilib. Hazırda ekstradisiya edilməsi üçün işlər aparılır. Gələcəkdə təqsiri sübuta yetirilsə, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda onu 14 ilə kimi həbs gözləyir.
Qeyd edək ki, bundan əvvəl daha bir məşhur şirkət “AİD Group”da qanun pozuntuları üzə çıxıb.
Faktla bağlı şirkətin rəhbərləri Nigar Fərhhad və əri Samir Yəhyazadə istintaqa cəlb edilib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: