Bağırsaq xərçənginin kolonoskopiyasız aşkarlanması üçün yeni metod müəyyən edilib
Tüpürcək analizi kolonoskopiya və nəcis analizi olmadan bağırsaq xərçəngini aşkar etməyə kömək edə bilər.
Yenisirvanli.İnfo.Az bildirir ki, mədə-bağırsaq traktının şişləri olan pasiyentlərin ağız boşluğu mikrobiomunda xarakterik dəyişikliklər aşkar edən Yonsey Universitetinin alimləri bu qənaətə gəliblər.
Tədqiqatın nəticələri "Cell Host & Microbe" (CHM) jurnalında dərc olunub.
Alimlər mədə xərçəngi, kolorektal xərçəng, metabolik pozğunluqları olan pasiyentlərin və sağlam könüllülərin tüpürcək və nəcisindəki bakteriya tərkibini müqayisə edib, daha sonra bu iki mühitdə mikrobların nə dərəcədə oxşar olduğunu göstərən "ağız-bağırsaq" adlı indeksi hesablayıblar.
Məlum olub ki, mədə-bağırsaq traktının xərçəngi olan pasiyentlərin bağırsaqlarında ağız boşluğundan olan bakteriyalar əhəmiyyətli dərəcədə daha çox aşkarlanıb. Bununla belə, diabet, hipertoniya və digər metabolik pozğunluqları olan insanlarda belə bir qanunauyğunluq müşahidə olunmayıb. Üstəlik, yalnız tüpürcəkdəki bakteriyaların analizinə əsaslanan model nəcisdə gizli qan axtarışına əsaslanan bəzi mövcud ilkin kolorektal xərçəng skrininqi metodlarından daha dəqiq nəticə verib.
Müəlliflər vurğulayıblar ki, yeni metodu hələlik klinik təcrübədə tətbiq etmək olmaz. Bakteriyaların şişin inkişafına təkan verib-vermədiyi və ya əksinə, xərçəngin onların bağırsaqda yayılması üçün şərait yaradıb-yaratmadığı hələlik məlum deyil.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: