Britaniya səfiri Azərbaycanı regionda əsas tərəfdaş adlandırıb
Dunkan Norman Cənubi Qafqazın London üçün böyük əhəmiyyət daşıdığını və Azərbaycanın regionda Britaniyanın əsas tərəfdaşlarından biri olduğunu bildirib
Diplomatın sözlərinə görə, Böyük Britaniyanın Cənubi Qafqaza marağı ilk növbədə regionda sülhün və rifahın təmin edilməsi ilə bağlıdır. O, bölgədə sabitliyin London üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Bizim üçün regionda sabitlik vacibdir. Bir il əvvəl Vaşinqton sammitlərində baş verənlərdən və sülh yolunda atılan həqiqətən mühüm addımlardan çox məmnun olduq”, – Norman deyə bildirib.
Səfir qeyd edib ki, regionda sülhün bərqərar olması Azərbaycanın, eləcə də Cənubi Qafqazın digər ölkələri olan Ermənistan və Gürcüstanın iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq. Onun sözlərinə görə, bu proses regional əlaqələrin daha da sıxlaşmasına və ölkələr arasında iqtisadi əməkdaşlığın genişlənməsinə də şərait yaradacaq.
Azərbaycan-Britaniya münasibətlərindən danışan Norman Bakı ilə London arasında fəal əməkdaşlığın 30 ildən çox əvvəl, BP ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra başladığını xatırladıb.
Diplomat bildirib ki, ilkin mərhələdə iki ölkə arasında əməkdaşlıq əsasən enerji sektoruna yönəlib. Lakin sonrakı illərdə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənib və hazırda təhlükəsizlik, iqtisadi inkişaf və digər istiqamətləri də əhatə edir.
Norman bərpaolunan enerji sahəsində, xüsusilə külək enerjisinin inkişafı istiqamətində əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu da diqqətə çatdırıb.
“Azərbaycan bizim üçün bu regionda əsas tərəfdaşdır və gələcəkdə də uzun illər belə qalacaq”, – Britaniya səfiri vurğulayıb.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: