ABŞ kəşfiyyatından Avropaya xəbərdarlıq: Rusiya dronlarla hücuma hazırlaşır
ABŞ kəşfiyyatının Avropa ölkələrinə Rusiyanın mümkün dron əməliyyatı ilə bağlı xəbərdarlıq etdiyi bildirilir.
El Mundo-nun yazdığına görə, Rusiya pilotsuz uçuş aparatlarını Aralıq dənizində hərəkət edən ticarət gəmilərindən buraxa bilər. Dronların konteynerlərdə gizli şəkildə daşınaraq sahildən uzaqda işə salınması ehtimal olunur.
Mümkün əməliyyatda Gerbera tipli dronlardan istifadə edilə biləcəyi qeyd edilir. Təxminən 2 metr uzunluğunda olan bu aparatların qanad açıqlığı 2,5 metrə, çəkisi isə 18 kiloqrama çata bilər. Bildirilir ki, onların uçuş məsafəsi 600 kilometrədəkdir.
Mənbələrin sözlərinə görə, belə dronların əsas məqsədi genişmiqyaslı dağıntı yaratmaqdan daha çox hava limanı və ya limanın fəaliyyətini müvəqqəti dayandırmaq, yanğın törətmək və ya müəyyən infrastruktura zərər vurmaq ola bilər.
ABŞ kəşfiyyatının hazırladığı hesabatın Avropanın bir sıra xarici işlər və müdafiə qurumlarına çatdırıldığı bildirilir. Məlumata görə, İspaniya, Fransa və İtaliya hökumətləri də mümkün təhlükə barədə məlumatlandırılıb.
Materialda Rusiyanın Avropada diversiya fəaliyyətlərini artırdığı və bununla NATO daxilində fikir ayrılıqları yaratmağa, Ukraynaya dəstəyi zəiflətməyə və ictimai narahatlığı artırmağa çalışa biləcəyi barədə qiymətləndirmələrə yer verilib.
Analitik Kir Giles isə bildirib ki, coğrafi baxımdan Rusiyadan uzaqda yerləşmək təhlükəsizliyə zəmanət vermir. Onun fikrincə, mümkün hədəf mütləq münaqişə zonasına yaxın ölkə deyil, Avropanın daha həssas hesab edilən məntəqəsi ola bilər.
Qeyd olunur ki, Rusiyanın pilotsuz aparatların gəmilərdən buraxılması imkanlarını daha əvvəl də sınaqdan keçirdiyinə dair məlumatlar mövcuddur. Son dövrlərdə Avropanın müxtəlif ərazilərində Rusiya ilə əlaqələndirilən dron insidentlərinin qeydə alınması da təhlükəsizlik narahatlıqlarını artırıb.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: