Dayanıqlı iqtisadi model Azərbaycan müstəqilliyinin maliyyə qalasıdır

6-10-2026, 09:53 65 dəfə baxılıb

 

Güclü dövlət anlayışının arxasında yalnız siyasi iradə və hərbi qüdrət dayanmır. Dövlətin uzunmüddətli müstəqilliyi üçün sağlam iqtisadi baza, dayanıqlı maliyyə sistemi, strateji ehtiyatlar və xarici asılılıqları minimuma endirən iqtisadi siyasət də tələb olunur. Azərbaycanın son illərdə qazandığı iqtisadi nəticələr məhz bu dövlətçilik yanaşmasının praktik ifadəsinə çevrilib. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin iqtisadi inkişaf, maliyyə sabitliyi, dövlət borcu və valyuta ehtiyatları ilə bağlı səsləndirdiyi fikirlər ölkənin iqtisadi siyasətinin əldə etdiyi nəticələri və qarşıda duran yeni vəzifələri aydın şəkildə ortaya qoydu.

Azərbaycanın müstəqilliyinin ilk illərində iqtisadi vəziyyət bugünkü mənzərədən tamamilə fərqli idi. Dövlət idarəçiliyində yaranmış böhran, istehsalın zəifləməsi, maliyyə imkanlarının məhdudluğu və müharibənin yaratdığı ağır yük ölkənin iqtisadi potensialına ciddi təsir göstərmişdi. Belə bir şəraitdə dövlətin siyasi müstəqilliyini qoruyub saxlaması ilə yanaşı, onun iqtisadi əsaslarının yaradılması da həyati məsələ idi. Çünki iqtisadi cəhətdən zəif dövlət öz milli qərarlarını uzun müddət müstəqil şəkildə həyata keçirməkdə çətinlik çəkir.

1993-cü ildən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğunun iqtisadi istiqaməti də yeni məzmun qazandı. Ölkənin təbii sərvətlərindən milli inkişaf naminə istifadə edilməsi, xarici investisiyaların cəlb olunması və beynəlxalq enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi gələcəyinin formalaşdırılmasında mühüm rol oynadı. “Əsrin müqaviləsi” ilə başlayan yeni mərhələ Azərbaycanın dünya iqtisadiyyatına daha geniş inteqrasiyasına yol açdı. Bu siyasətin mühüm nəticələrindən biri əldə olunan gəlirlərin dövlətin strateji ehtiyatlarının formalaşdırılmasına və uzunmüddətli inkişaf layihələrinə yönəldilməsi oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu iqtisadi xətt sonrakı illərdə daha geniş miqyas aldı. İqtisadi artımın təmin edilməsi ilə yanaşı, ölkənin maliyyə dayanıqlığının gücləndirilməsi, valyuta ehtiyatlarının artırılması, dövlət borcunun azaldılması və investisiya imkanlarının genişləndirilməsi ardıcıl siyasətin mühüm istiqamətlərinə çevrildi. Prezidentin rəhbərliyi altında aparılan iqtisadi siyasətin mahiyyəti yalnız daha çox gəlir əldə etməkdən ibarət olmadı; əsas məqsədlərdən biri həmin gəlirlərin dövlətin uzunmüddətli maliyyə gücünə çevrilməsi oldu.

Bu siyasətin nəticələri artıq konkret rəqəmlərlə ifadə olunur. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında bildirib ki, Azərbaycanın xarici borcu ÜDM-nin 5,6 faizini təşkil edir. Eyni zamanda, ölkənin valyuta ehtiyatları 90 milyard dollara çatıb və xarici borcdan təxminən 20 dəfə çoxdur. Dövlət başçısının vurğuladığı bu göstəricilər Azərbaycanın maliyyə imkanlarının genişliyini və xarici maliyyə asılılığının aşağı səviyyədə olduğunu nümayiş etdirir.

Bu rəqəmlərin arxasında yalnız maliyyə hesablaması dayanmır. Burada dövlətin gələcək nəsillər qarşısında məsuliyyətini nəzərə alan iqtisadi düşüncə dayanır. Xarici borcun aşağı səviyyədə saxlanılması dövlətin büdcə siyasətinə daha geniş manevr imkanları verir, valyuta ehtiyatlarının yüksək olması isə qlobal iqtisadi dalğalanmalar zamanı əlavə maliyyə təhlükəsizliyi yaradır. Azərbaycan iqtisadiyyatının güclü maliyyə yastığına malik olması ölkənin həm daxili inkişaf proqramlarını, həm də müdafiə və bərpa layihələrini öz imkanları hesabına maliyyələşdirməsinə şərait yaradıb. Burada diqqətçəkən başqa məqam ondan ibarətdir ki, Azərbaycan böyük xərclərin həyata keçirildiyi bir dövrdə belə valyuta ehtiyatlarını artırıb. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, ordu quruculuğu, sərhədlərin mühafizəsi və geniş infrastruktur layihələri dövlət büdcəsi qarşısında ciddi maliyyə yükü yaradıb. Buna baxmayaraq, ölkənin strateji valyuta ehtiyatlarının 90 milyard dollara çatması maliyyə siyasətində ehtiyatlı və hesablanmış yanaşmanın nəticəsi kimi diqqəti cəlb edir.

İqtisadi müstəqilliyin ən mühüm göstəricilərindən biri də dövlətin öz qərarlarını maliyyə imkanlarına uyğun şəkildə qəbul edə bilməsidir. Azərbaycanın təcrübəsində bu məsələ xüsusilə aydın görünür. Dövlət böyük infrastruktur layihələrini həyata keçirir, müdafiə qabiliyyətini gücləndirir, işğaldan azad edilmiş ərazilərin bərpasına milyardlarla vəsait yönəldir, sosial proqramları maliyyələşdirir və bütün bunlarla yanaşı maliyyə ehtiyatlarını qoruyur. Qarabağın bərpası bu baxımdan ayrıca əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, yolların, hava limanlarının, enerji və sosial infrastrukturun yaradılması çox böyük maliyyə resursları tələb edir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpasına 28 milyard manat vəsait ayrıldığı, 48 yaşayış məntəqəsində insanların məskunlaşdırıldığı bildirilib. Bu rəqəmlər Azərbaycanın iqtisadi imkanlarının dövlət suverenliyinin möhkəmləndirilməsində oynadığı rolu göstərir. Hərbi Zəfər torpaqların azad edilməsini təmin etdi, iqtisadi güc isə həmin ərazilərdə yeni həyatın qurulmasına imkan verdi. Yolun, məktəbin, xəstəxananın, yaşayış evinin və istehsal obyektinin yaradılması dövlətin yalnız əraziyə nəzarət etdiyini yox, həmin ərazidə davamlı inkişaf üçün şərait formalaşdırdığını göstərir.

İqtisadi müstəqillik eyni zamanda investisiya siyasəti ilə sıx bağlıdır. Xarici investor üçün ölkənin siyasi sabitliyi qədər maliyyə dayanıqlığı, müqavilə öhdəliklərinə sadiqlik və uzunmüddətli iqtisadi perspektiv də əhəmiyyət daşıyır. Sentyabrın sonunda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumlarının iştirakı və onların Azərbaycanla əməkdaşlığı davam etdirmək marağı ölkənin investisiya imkanlarına beynəlxalq marağın mövcudluğunu göstərdi. Prezident İlham Əliyev həmin forumda maliyyə sisteminin güclü olduğunu, xarici borcun aşağı səviyyədə qaldığını və valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələdiyini vurğulayıb.

Azərbaycanın iqtisadi siyasətində başqa bir mühüm istiqamət də qeyri-neft sektorunun inkişafıdır. Təbii sərvətlər ölkənin iqtisadi yüksəlişində mühüm maliyyə mənbəyi yaradıb, lakin əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi daha geniş və dayanıqlı iqtisadi baza formalaşdırıb. Dövlət Neft Fondunun yaradılması da bu siyasətin mühüm institutlarından biri oldu. Neft və qaz gəlirlərinin qorunması, idarə edilməsi və iqtisadi inkişaf məqsədlərinə yönəldilməsi uzunmüddətli maliyyə strategiyasının əsas elementlərinə çevrildi. Azərbaycanın bugünkü maliyyə vəziyyətinə yalnız enerji gəlirlərinin yaratdığı imkanlar prizmasından baxmaq kifayət etmir. Çünki təbii resurslara malik olmaq öz-özlüyündə maliyyə sabitliyi yaratmır. Bunun üçün gəlirlərin düzgün idarə edilməsi, xərclərin prioritetləşdirilməsi, ehtiyatların qorunması, borclanmanın nəzarətdə saxlanılması və iqtisadiyyatın şaxələndirilməsi tələb olunur. Azərbaycan məhz bu istiqamətlər üzrə ardıcıl siyasət həyata keçirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə maliyyə intizamının qorunması xüsusi yer tutur. Dövlət borcunun azaldılması, valyuta ehtiyatlarının artırılması və borclanmanın ehtiyatlı yanaşma əsasında həyata keçirilməsi Azərbaycanın maliyyə təhlükəsizliyinin əsas sütunlarına çevrilib. 2026-cı ildə Azərbaycan Prezidentinin çıxışında da xarici borcun aşağı səviyyədə saxlanılması və yeni borclanmanın yalnız ehtiyatlı yanaşma ilə həyata keçirilməsi xətti bir daha vurğulanıb. Maliyyə sabitliyi sosial siyasətin də dayaq nöqtəsidir. 

Əməkhaqlarının və pensiyaların artırılması, sosial proqramların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və infrastruktur layihələrinin maliyyələşdirilməsi iqtisadi güclə sosial siyasətin bir-birini tamamladığını göstərir. Güclü maliyyə imkanları dövlətə yalnız böhranların qarşısını almaq üçün yox, vətəndaşların sosial rifahını yüksəltmək üçün də geniş imkanlar verir.

İqtisadi gücün daha bir mühüm nəticəsi Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarının genişlənməsidir. Maliyyə baxımından öz imkanlarına arxalanan dövlət beynəlxalq münasibətlərdə qərarlarını daha sərbəst qəbul edir, milli maraqlarını daha ardıcıl müdafiə edir və xarici təzyiqlər qarşısında iqtisadi dayanıqlığını qoruyur. Bu səbəbdən iqtisadi müstəqillik yalnız iqtisadi kateqoriya kimi yox, milli suverenliyin mühüm dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişaf modelində diqqət çəkən cəhətlərdən biri də hərbi güclə iqtisadi potensialın paralel şəkildə möhkəmləndirilməsidir. Güclü ordu böyük maliyyə resursları tələb edir. Qarabağın bərpası da eyni şəkildə geniş iqtisadi imkanlara söykənir. Azərbaycan hər iki istiqamətdə böyük layihələr həyata keçirərkən maliyyə ehtiyatlarını qorumağa və artırmağa nail olub. Bu, iqtisadi siyasətin dövlət təhlükəsizliyi ilə necə sıx bağlı olduğunu göstərir. Bu gün Azərbaycanın iqtisadi qarşısında yeni mərhələ dayanır. Əldə edilmiş maliyyə sabitliyi daha yüksək əlavə dəyər yaradan sahələrin inkişafına, innovasiyaların tətbiqinə, insan kapitalına investisiyaların artırılmasına və qeyri-neft iqtisadiyyatının daha da genişləndirilməsinə xidmət edir. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının ölkənin ümumi inkişaf sisteminə inteqrasiyası da bu yeni mərhələnin mühüm istiqamətlərindən biridir.

Azərbaycanın son onilliklərdə keçdiyi iqtisadi yol göstərdi ki, siyasi müstəqilliyin davamlı olması üçün onun möhkəm iqtisadi dayaqları olmalıdır. Dövlətin öz gəlirlərinə, ehtiyatlarına və istehsal imkanlarına sahib olması qərarvermə sərbəstliyini artırır. Maliyyə sabitliyi isə həmin sərbəstliyi qoruyan mühüm təminata çevrilir. Bu gün 90 milyard dollarlıq valyuta ehtiyatı, ÜDM-in 5,6 faizi səviyyəsində xarici borc, geniş investisiya imkanları və böyük quruculuq proqramlarının paralel həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişafının konkret göstəriciləridir. Bu nəticələr uzun illər ərzində həyata keçirilən ardıcıl iqtisadi siyasətin, maliyyə intizamının və dövlətin strateji resurslara münasibətinin nəticəsidir. Azərbaycanın iqtisadi müstəqilliyi artıq dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsinə çevrilib. Güclü maliyyə sistemi, artan ehtiyatlar, aşağı xarici borc, investisiya cəlbediciliyi və genişmiqyaslı quruculuq işləri ölkənin öz gələcəyini öz imkanları hesabına formalaşdırdığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm nəticəsi də məhz budur: Azərbaycan siyasi qərarlarını iqtisadi güclə, iqtisadi gücünü isə milli dövlətçilik məqsədləri ilə tamamlayan dayanıqlı inkişaf modelini formalaşdırıb.

Kəramət QƏNBƏROV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031