Ukrayna Rusiyanın neft emalı zavodlarını dəqiq dron zərbələri necə həyata keçirir?
Ukraynanın enerji infrastrukturuna qarşı hücumları Rusiyada yanacaq böhranını dərinləşdirib, sanksiyalar isə zədələnmiş avadanlıqların təmirini çətinləşdirib
Ukrayna Prezidenti Volodimir Zelenski bu strategiyanın müharibənin başa çatmasını yaxınlaşdırmağa hesablandığını bildirib. Hücumların nəticəsində Rusiyada Sovet İttifaqının dağılmasından bəri ən ciddi yanacaq böhranının yarandığı qeyd olunur.
The Washington Post qəzetinin peyk görüntüləri və digər vizual materiallar əsasında apardığı təhlil, eləcə də ekspertlər və Ukrayna hərbi rəsmiləri ilə müsahibələr göstərir ki, hücumların təsiri böyük ölçüdə neft emalı zavodlarının fəaliyyətini təmin edən kritik qurğuların hədəfə alınması ilə bağlıdır. Bunların arasında xam neftin duzlardan və digər çirkləndiricilərdən təmizləndiyi duzsuzlaşdırma qurğuları və neftin müxtəlif fraksiyalara ayrıldığı distillə qurğuları var.
Bu avadanlıqların sıradan çıxması zavodların işini ciddi şəkildə məhdudlaşdıra bilər. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar isə zədələnmiş qurğuların təmiri üçün lazım olan ehtiyat hissələrinin və texniki avadanlıqların əldə edilməsini çətinləşdirir.
Qəzetin S&P Global Energy şirkətinin məlumatlarını təhlil etməsi nəticəsində məlum olub ki, aprelin 1-dən avqustun 31-dək Rusiyanın izlənilən 36 iri neft emalı zavodunun azı üçdə ikisi hücuma məruz qalıb. Bəzi müəssisələrə beş dəfəyədək zərbə endirilib. Bu isə həmin obyektlərdən bəzilərinin təxminən hər üç gündən bir hücumla üzləşdiyini göstərir.
The Washington Post peyk görüntülərində zədələrin müşahidə olunduğu onlarla hücumu araşdırıb. Neft emalı sahəsində çalışan üç ekspert görüntüləri təhlil edərək hansı qurğuların vurulduğunu müəyyənləşdirməyə çalışıb.
Araşdırılan 54 hücumun yarıdan çoxunda duzsuzlaşdırma və distillə qurğularının zədələndiyi ehtimal olunur. Hücumların üçdə birindən çoxunun isə ilkin emal mərhələsindən sonra alınan məhsulları daha qiymətli yanacaq növlərinə çevirən ikinci emal qurğularına yönəldiyi bildirilir. Bu qurğular benzin, aviasiya yanacağı və mayeləşdirilmiş neft qazı kimi məhsulların istehsalında mühüm rol oynayır.
Ukraynanın dron bölmələrindən birinin “Tanqo” çağırış adlı komandiri qəzetə müsahibəsində hücumların məqsədinin zavodun bütün ərazisini dağıtmaq deyil, onun fəaliyyətini dayandırmaq üçün ən vacib avadanlıqları sıradan çıxarmaq olduğunu bildirib.
“Biz neft emalı zavodlarının ən vacib elementlərini hədəfə alırıq. Bütün zavoda zərbə endirməyimizə ehtiyac yoxdur. Onun dayanması və fəaliyyətini bərpa edə bilməməsi üçün hara vurmaq lazım olduğunu bilirik”, deyə komandir qeyd edib.
Ekspertlərin fikrincə, hücumların təkrarlanması Rusiyanın neft emalı infrastrukturunun bərpasını çətinləşdirən əsas amillərdəndir. Avropa üzrə direktor və Rusiya iqtisadiyyatı üzrə ekspert Aleksandr Kolyandr bildirib ki, sanksiyalar Ukraynanın zərbələri nəticəsində zədələnmiş qurğuların təmiri üçün tələb olunan ehtiyat hissələrinin əldə edilməsini məhdudlaşdırır.
Kolyandrın sözlərinə görə, problem zədələnmiş avadanlığın ümumiyyətlə təmir edilə bilməməsində deyil, hücumların təmir üçün lazım olan müddətdən daha tez-tez baş verməsindədir. Bu şəraitdə zavodlar bir zərbənin nəticələrini aradan qaldırmağa çalışarkən yenidən hücuma məruz qala bilər.
Berlin Karnegi Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin baş elmi əməkdaşı Sergey Vakulenko isə təkrarlanan hücumların avadanlıqlara əlavə texniki yük yaratdığını vurğulayıb. Onun fikrincə, qurğular təmir edilsə belə, metal konstruksiyalara dəfələrlə təsir göstərilməsi onların kritik şəkildə sıradan çıxması ehtimalını artırır.
S&P Global Energy şirkətinin məlumatlarına görə, 2026-cı ilin avqust ayının sonuna Rusiyanın neft emalı güclərinin təxminən yarısı fəaliyyətdən kənarda qalıb. Bu göstərici 2025-ci ilin sonundakı səviyyədən iki dəfədən çoxdur. Şirkətin məlumatlarında, həmçinin avqustun əvvəlinə Rusiyanın neft məhsulları ixracının 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən yarıya düşdüyü bildirilir.
Ukraynanın hücumlarının effektivliyinə təsir göstərən amillərdən biri də Qərb müttəfiqlərinin kəşfiyyat dəstəyi olub. Ekspertlər və “Tanqo” çağırış adlı komandirin fikrincə, bu dəstək Ukraynaya Rusiyanın hava hücumundan müdafiə sistemindəki boşluqlardan istifadə etməyə imkan verib.
Avropalı təhlükəsizlik rəsmilərindən biri ABŞ-nin Rusiya hava hücumundan müdafiə sistemlərinin və radiolokasiya stansiyalarının konkret yerləşdiyi yerlər barədə təqdim etdiyi kəşfiyyat məlumatlarının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu məlumatlar Ukrayna hərbi planlaşdırıcılarına aşkarlanmadan keçməyə imkan verən uçuş marşrutlarını müəyyənləşdirməkdə mühüm rol oynayıb.
Ukraynanın hücumları təkcə neft emalı zavodları ilə məhdudlaşmayıb. Ölkə ərazisindəki yanacaq anbarlarına, saxlama çənlərinə, nasos sistemlərinə və boru kəmərlərinə qarşı da onlarla hücum həyata keçirildiyi bildirilir.
Müharibənin öyrənilməsi üzrə İnstitutun Rusiya məsələləri üzrə eksperti Kristina Harvudun fikrincə, bu cür zərbələr yanacağın ölkə daxilində daşınmasını da çətinləşdirir. Neft emalı müəssisələrinin fəaliyyətində yaranan fasilələr və saxlama-daşıma infrastrukturuna dəyən zərər yanacaq ehtiyatlarının məhdudlaşdığı şəraitdə təchizat zəncirinə əlavə təzyiq yaradır.
Beləliklə, Ukraynanın strategiyası yalnız neft emalı müəssisələrinə zərər vurmaqdan ibarət deyil. Kritik qurğuların hədəfə alınması, təkrarlanan hücumlar və yanacağın saxlanması ilə daşınmasını təmin edən infrastrukturun sıradan çıxarılması Rusiyanın neft emalı və yanacaq təchizatı sisteminə eyni vaxtda təzyiq göstərir.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: