ABŞ Administrasiyası raketlər barədə məlumatların yayılmasını milli təhlükəsizliyə təhdid sayır
ABŞ Administrasiyası hesab edir ki, media Birləşmiş Ştatların hava hücumundan müdafiə (HHM) raketlərinin ehtiyatları barədə yenilənmiş məlumatları dərc edərsə, bu, ölkənin milli təhlükəsizliyinə təhdid yarada bilər.
“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
"Patriot" və THAAD raketlərinin xərclərinə dair yeni rəqəmlər xəbər agentlikləri tərəfindən açıqlanacağı təqdirdə milli təhlükəsizlik risk altında qalacaq", - deyə Ağ Evdən nəşrə bildirilib.
İyulun 25-də "The New York Times" qəzeti özəl mənbələrinə istinadən yazmışdı ki, ABŞ Prezidenti Yaxın Şərqdəki "Patriot" kompleksləri və digər HHM sistemləri üçün nəzərdə tutulan raket və döyüş sursatı arsenalının daha da tükənməsinin qarşısını almaq məqsədilə İrana qarşı hərbi əməliyyatın aktivləşdirilməsini təxirə salmaq qərarına gəlib. İyulun 24-də keçirilən müşavirədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn xəbərdarlıq edib ki, komandanlıq İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edə bilər, lakin bu halda ələkeçirici raketlərin ehtiyatı təhlükəli dərəcədə aşağı səviyyəyə düşəcək.
ABŞ Prezidenti Donald Tramp isə iyulun 26-da "The Wall Street Journal"a verdiyi açıqlamada bu məlumatı təkzib edərək, Birləşmiş Ştatların ehtiyac duyulduğundan qat-qat çox sursata malik olduğunu bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında münaqişənin növbəti gərginləşməsi iyulun 8-də başlayıb. Vaşinqtonla Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İslam Respublikasının ərazisinə bir neçə seriya zərbələr endirib. Həmin gün Tramp İranla barışığın dayandırıldığını elan edib. Buna cavab olaraq Tehran ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı obyektlərinə zərbələr endirməyə başlayıb. İyulun 24-də tərəflər qarşılıqlı zərbə mübadiləsini dayandırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: